HAQQIMIZDA

Müstəqilliyimizin ilk illərində digər sənaye müəssisələri kimi Gəncə tekstil fabriki də (əvvəllər toxuculuq kombinatı adlanırdı) özünün tənəzzül dövrünü yaşamışdır. Müəssisə ildən-ilə geri gedərək nəhayət bağlanmışdı. Uzun illər burada çalışan yüksək ixtisaslı kadrlar, eləcə də fəhlələr işdən çıxaraq digər sahələrdə iş axtarmalı olmuşlar. Nəticədə kombinat Azərbaycanın yüngül sənaye sektorunda öz yerini itirmişdir.
Lakin xalqımızın ulu öndəri Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra özəl sektorun inkişafına göstərilən diqqət və qayğı nəticəsində müəssisə yenidən fəaliyyətini davam etdirməyə başlamışdır. İnkişaf etmiş ölkələrdən qısa vaxt ərzində müasir avadanlıq gətirilmiş və yeni ixtisaslı kadr hazırlığına başlanılmışdır. 1926-cı ildə təməli qoyulan müəssisədə geniş abadlıq və quruculuq işləri aparılmışdır. Çəkilən əziyyət qısa müddətdə bəhrəsini vermişdir.
Fabrikdə məhsul yerli xammal hesabına 90 faiz yenilənmiş avadanlıq vasitəsilə istehsal olunur. Burada 6 istehsal sexi fəaliyyət göstərir. Sexlərdə müəyyən proseslərdən keçirilən mahlıcdan toxucu sexində cuna istehsal edilir. Həmin cunalar xüsusi nəzarət altında yuyularaq bükülür, sonra isə satış üçün apteklərə göndərilir.